Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar Naxçıvan şəhərində təhsil alan ümumtəhsil məktəblilərinin Ordubad şəhərinə ekskursiyası təşkil olunub.

İslam Dünyası İrsinin ilkin siyahısına daxil edilmiş Ordubad şəhərinə səfər zamanı şagirdlər bölgənin zəngin tarixi-mədəni irsi, qədim memarlıq ənənələri və görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə yaxından tanış olublar. Şagirdlər ekskursiya çərçivəsində Qeysəriyyə, Cümə məscidi, Ordubad hamamı, görkəmli şəxsiyyətlərin ev muzeyləri və Mingis məhəlləsi ilə tanış olublar.

Səfərin məqsədi şagirdlərin tarixi-mədəni irsimiz haqqında biliklərini artırmaq, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.